Tarixdə ilk dəfə keçiriləcək “FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026”nın başlamasına sayılı günlər qalıb.
Offsideplus.az xəbər verir ki, oktyabrın 22-dən 31-dək Bakıda təşkil olunacaq turnirin qarşılaşmaları Bakının Hövsan qəsəbəsində yeni yaradılan, 10 futbol meydançasından ibarət kompleksdə keçiriləcək. Yarış yalnız futbol qarşılaşmaları ilə məhdudlaşmayacaq. Turnir çərçivəsində müxtəlif festival tədbirlərinin, həmçinin açılış və bağlanış mərasimlərinin keçirilməsi nəzərdə tutulur. Açılış mərasiminin Bakı Kristal Zalında təşkili planlaşdırılır. Sentyabrın 29-da Azərbaycana səfər edən FIFA prezidenti Canni İnfantino da hazırlıq prosesinin gedişini yaxından izləyib.

FIFA rəhbəri səfər çərçivəsində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Prezident İlham Əliyev Azərbaycanda futbolun inkişafına göstərdiyi dəstəyə görə İnfantinoya təşəkkür edib. Canni İnfantino U-15 Dünya Çempionatının əhəmiyyətini vurğulayaraq, dünya idman ictimaiyyətinin diqqətinin bu turnirə yönələcəyini qeyd edib. Görüşdə Azərbaycan və FIFA arasında əməkdaşlığın perspektivləri, eləcə də ölkədə futbolun inkişafı istiqamətində görülən işlər müzakirə olunub.
.jpg?1790753419470)
C.İnfantino daha sonra AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və digər rəsmilərlə görüşüb. İnfantino Hövsanda turnir üçün inşa olunan idman kompleksinə baş çəkərək burada görülən işlərlə tanış olub.
.jpg?1790753555621)
Funksioner qısa müddət ərzində belə böyük futbol mərkəzinin yaradılmasından təəccübləndiyini və görülən işlərdən yüksək təəssürat aldığını bildirib. Cəmi iki ay ərzində yaradılan kompleksdə 10 futbol meydançası hazır vəziyyətə gətirilib. FIFA prezidenti əraziyə baxış zamanı meydançaların vəziyyətini yaxından nəzərdən keçirib, meydançaların örtüyünü yerində qiymətləndirib və burada məşq edən uşaqlarla görüşüb.
C.İnfantino tikinti və hazırlıq işlərini həyata keçirən komanda ilə də görüşüb, onlarla söhbətləşib və görülən işlərə yüksək qiymət verib. Qısa müddətdə həyata keçirilən hazırlıq işlərini “fövqəladə iş” kimi dəyərləndirib.

Hövsanda yaradılan meydançaların keyfiyyəti də diqqət çəkən məqamlardandır. Buradakı ən son nəsil süni örtüklü meydançaların Avropanın aparıcı klublarının akademiyalarında istifadə olunan meydançalarla müqayisə edilə biləcək səviyyədə olduğu qeyd olunur. Meydançaların “Ayaks”, “Barselona” və “Mançester” kimi klubların uşaq komandalarının istifadə etdiyi infrastrukturdan geri qalmadığı bildirilir.

Hazırda əsas futbol meydançaları tam hazır vəziyyətdədir. Növbəti mərhələdə isə kompleksin digər funksional hissələrinin tamamlanmasına diqqət yetirilir. Burada yarışların keçirilməsi və təşkili zonası, inzibati və işçi heyət üçün bölmə, tibbi xidmət mərkəzi və digər zəruri bölmələr yaradılır. Bu işlərin təxminən 15 gün ərzində başa çatdırılması planlaşdırılır. Hazırkı vəziyyətə əsasən, hazırlıq prosesinin nəzərdə tutulan qrafikə uyğun getdiyi və turnirə qədər ciddi gecikmənin gözlənilmədiyi bildirilir.
Azərbaycanda uşaq futbolunun inkişafı baxımından yeni bazanın uzunmüddətli istifadəsi nəzərdə tutulub. Hövsandakı kompleks turnirdən sonra da Bakı komandalarının məşqləri və müxtəlif yarışların keçirilməsi üçün istifadə olunacaq. Bununla da FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 üçün qısa müddətdə yaradılan infrastrukturun turnirdən sonra da Azərbaycan futboluna, xüsusilə uşaq futbolunun inkişafına xidmət etməsi planlaşdırılır.



