1990-cı ilin dünya çempionu, "Bavariya"nın sabiq futbolçusu Lotar Matteus Münhen klubunun rəhbərlərinin Camal Musialanın gələcəyi ilə bağlı verdiyi açıqlamalara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, veteran oyunçu tərəfləri ictimai açıqlamalar əvəzinə danışıqlar masası arxasına əyləşməyə çağırıb:
"Bu həftə yaşananlar məni bir qədər təəccübləndirdi. Hər şey Uli Hönesslə başladı, ardınca Yan-Kristian Drezen danışdı, dünən isə Karl-Haynts Rummenigge daha kəskin ifadələr seçdi. Rummeniggeyə böyük hörmətim var, onu 30 ildən çoxdur tanıyıram, amma bu sözləri şüurlu şəkildə dediyi aydındır. İki ildir "Bavariya"nı böyük və mehriban bir ailə olduğu üçün tərifləyirdik. Nə üçün klub və Musialanın nümayəndələri sakit bir otaqda bir araya gəlib bu məsələni ictimaiyyətə çıxarmadan həll etmirlər?
Hazırda Musiala tərəfdən heç bir səs-səmir yoxdur, onun nümayəndələri hələ klubla danışıqlar aparmayıblar. Məncə, vəziyyət daha da gərginləşməmiş klub futbolçunun nümayəndələri ilə əlaqə saxlamalıdır. Çünki bu vəziyyətdən ən çox zərər görən məhz Camaldır. Xüsusilə də heyətdə zədəlilərin çox olduğu bir vaxtda bütün təzyiq onun üzərindədir və nəticəni məhz ondan gözləyirlər. Bir-birinizlə danışın və ortaq məxrəcə gəlin".


