"Landau Lions" FIBA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq. Təmsilçimizin bu turnirdəki şanslarını təcrübəli mütəxəssis Şəhriyar Əsgərov Offsideplus.az-a dəyərləndirib:

"Sentyabrın 14-də Bolqarıstanda komandamız "Landau Lions" "VEF Riqa" ilə qarşılaşacaq. Təmsilçimiz bu matçda qalib gələcəyi təqdirdə daha bir rəqiblə üz-üzə gələcək. Həmin rəqib barədə hələ ki məlumat yoxdur. Bu iki mərhələni keçdikdən sonra isə Çempionlar Liqasında mübarizəyə başlayacağıq.

Çempionlar Liqasındakı potensial rəqiblər artıq məlumdur: "Lions Geneve" (İsveçrə), "Bakken Bears" (Danimarka), "Benfika" (Portuqaliya), Türkiyənin "Yukatel Denizli" komandası, həmçinin "Pryevidza" (Slovakiya) – "Samobor" (Xorvatiya) cütlüyünün qalibi. Məğlubiyyət halında isə komandamız mübarizəni daha aşağı turnirdə – Avropa Kubokunda (FIBA EuroCup) davam etdirəcək. Oradakı rəqiblər hələ bəlli olmasa da, diqqəti daha yüksək mərhələlərə yönəltmək niyyətindəyik.

Yaxın zamanda – təxminən bir aydan sonra keçiriləcək oyunda rəqibimiz olacaq "VEF Riqa" çox köklü komandadır. 1958-ci ildə yaradılan klub 1992-ci ilə qədər fəaliyyət göstərib, daha sonra fəaliyyətini dayandırıb və 2007-ci ildən təkrar bu adla çıxış etməyə başlayıb.

Onlar uzun illər SSRİ çempionatında iştirak edərək 3 dəfə 3-cü yerin sahibi olublar.

Bu klubdan tanınmış basketbolçular yetişib. Məsələn, dünya çempionu Valtersi, SSRİ yığması ilə Olimpiada qalibi olmuş Miqlinieksi, həmçinin Baqatskis və Qundars Ventranı qeyd etmək olar. Bu adlar basketbol həvəskarlarına yaxşı tanışdır. Latviya özü böyük ənənələri olan basketbol ölkəsi hesab olunur.

İndiki "VEF Riqa" 2011–2012-ci illərdən avrokuboklarda çıxış edir, bir neçə dəfə Çempionlar Liqası və Avroliqada boy göstərib. Hələlik böyük uğurları olmasa da, bir-iki mərhələ keçməyi bacarıblar.

Bugünkü heyətləri də pis təsir bağışlamır. Rotasiyada boy baxımından o qədər uca olmasalar da, cavan, dinamik və sürətli komandadırlar. Son zamanlar komandanın ilk beşliyi təqribən belə formalaşır: Meyeris, Silinş, Rodriges, Şkele və Siyers. Baş məşqçiləri Yevgeniys Kosuşkins də gənc mütəxəssisdir.

Rəqib kifayət qədər güclü olsa da, ümid edirik ki, "Landau Lions" bu maneəni aşacaq, növbəti mərhələdəki rəqibini də məğlub edərək Çempionlar Liqasına vəsiqə qazanacaq. Heyətini gücləndirməyə başlayan komandamızın bu tapşırığın öhdəsindən gələcəyinə inanırıq".

Qeyd edək ki, "Landau Lions" - "VEF Riqa" matçı sentyabrın 14-də baş tutacaq.