Fransanın "ASVEL" klubunun baş məşqçisi Toni Parker ardıcıl beşinci məğlubiyyətdən sonra komandasının heyətində dəyişikliklərin ola biləcəyini bildirib. "Olimpiya Milano" ilə qarşılaşmada alınan məğlubiyyət həm də noyabr ayından bəri bütün turnirlərdə altıncı ardıcıl uğursuzluq olub.
Offsideplus.az xəbər verir ki, Parker oyun sonrası mətbuat konfransında əsas heyətin müdafiədə zəif çıxışını tənqid edib və dördüncü hissədə meydanda olan ehtiyat oyunçuların geri dönüş cəhdini yüksək qiymətləndirib. "Müdafiə oynamaq istəyən beş nəfəri tapmalıyam və düşünürəm ki, onları dördüncü hissədə tapdım. Tempimizi artırdıq, xarakter göstərdik, amma bir az gec oldu. Son beş oyunçuya təşəkkür edirəm", – deyə Parker vurğulayıb.
Dördqat NBA çempionu olan mütəxəssis qarşıdakı FIBA pəncərəsindən və çempionatdakı fasilədən istifadə edərək komandanın vəziyyətini yenidən qiymətləndirəcəyini qeyd edib. "Artıq problemlər yığılır. Ola bilsin, bəzi dəyişikliklər etməli olacağam. Fasilədən istifadə edib vəziyyəti necə idarə edəcəyimi müəyyənləşdirəcəyəm", – deyə o əlavə edib.
Qeyd edək ki, yaxın günlərdə "ASVEL"in heyətində əlavə dəyişikliklərin baş verəcəyi istisna edilmir.


