NBA 2026-cı ildə İndianapolisdə keçiriləcək Emirates NBA Kuboku çərçivəsində əfsanəvi basketbolçu Oscar Robertsonun xatirəsinə xüsusi tədbirlər təşkil edəcək. Bu münasibətlə, Crispus Attucks Liseyində onun heykəlinin açılışı baş tutacaq və müxtəlif ictimai tədbirlər keçiriləcək.
Offsideplus.az xəbər verir ki, dekabrın 10-da Crispus Attucks Liseyində təşkil olunacaq tədbirdə Oscar Robertsonun heykəli ictimaiyyətə təqdim ediləcək. Həmin gün axşam saatlarında isə Crispus Attucks və George Washington liseylərinin oğlanlar arasında basketbol oyunu Butler Universitetinin Hinkle Fieldhouse arenasında baş tutacaq. Bu arena həm də Emirates NBA Kubokunun final qarşılaşmasına ev sahibliyi edəcək. Qeyd edək ki, Crispus Attucks 1955 və 1956-cı illərdə Oscar Robertsonun rəhbərliyi ilə ardıcıl iki dəfə İndiana ştatı çempionu olub və ABŞ-da bütün üzvləri afroamerikalı olan ilk komanda kimi tarixə düşüb. İki məktəb arasında indiyədək 65 oyun keçirilib, Crispus Attucks 40:25 hesabı ilə üstünlük əldə edib. Tədbirlər çərçivəsində NBA-nın təşkil etdiyi sağlamlıq yarmarkası da keçiriləcək və iştirakçılara ödənişsiz tibbi müayinələr, sağlamlıq maarifləndirilməsi və təzə ərzaq məhsulları təqdim olunacaq. NBA əfsanələri və liqa rəhbərliyi də tədbirdə iştirak edəcək. Emirates NBA Kubokunun finalı dekabrın 11-də Hinkle Fieldhouse-da keçiriləcək.


