“Rəqibin gücünü bilirdik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” üzərində qazandıqları qələbəni şərh edib:

“Kubokun birinci oyunlarında həmişə meydanda taktiki savaş gedir. Bu gün də onun şahidi olduq. Oyun ərzində rəqibin xeyli standart vəziyyətləri oldu. “Turan Tovuz”un bu vəziyyətlərdə təhlükəli komanda olduğunu bilirik. İkinci hissədə isə sürəti artırdıq və beləcə oyunun dinamikası da artdı. Şükürlər olsun ki, yekunda bizim üçün vacib olan qələbəni qazandıq. Qarşıda bizi vacib ikinci yarı gözləyir".

Sadıqov finalda hansı rəqiblə qarşılaşmaq istədiklərinə dair sualı belə cavablandırıb: "Hazırda cavab oyununda "Turan Tovuz"un qarşısını necə alacağımızı fikirləşirəm. Bu gün hesab 3:0 olsaydı da mən rahatlaşmayacaqdım. "Turan Tovuz"un hücum potensialı fərqlidir. Rəqibin kimliyini nəzərə alsaq, finala çıxdığımızı deyə bilmərəm".

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda "Zirə" 2:0 hesablı qələbə qazanıb. Qolları Eren Aydın (55) və Leroy Mikels (88) rəqib qapısından keçiriblər.