Nigeriya milli komandasından zədəli qayıdan Viktor Osimhenin son durumu bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Eyüpspor"a qarşı oyundan (2:0) sonra keçirilən mətbuat konfransında hücumçunun son vəziyyəti ilə bağlı açıqlama verib. O, "Ayntraxt"a qarşı Çempionlar Liqası oyununda Osimhenin iştirak edib-etməyəcəyi barədə suala belə cavab verib:
"Osimhenin ağrı vəziyyətinə görə növbəti oyunda nə edə biləcəyini görəcəyik. 1-2 gün ərzində durumu dəqiq bir şəkildə bəlli olacaq".
O.Buruk "Eyüpspor"a qarşı oyunda qollardan birini vuran Mauro İkardinin hələ ki əvvəlki formasını tam bərpa etmədiyini də bildirib.
Qeyd edək ki, "Qalatasaray" sentyabrın 18-i Bakı vaxtı ilə saat 23:00-da "Ayntraxt"la üz-üzə gələcək.



