Lonzo Boll karyerasının əvvəlində verdiyi qərarlara görə peşman olduğunu etiraf edib. O bildirib ki, basketbola başladığı illərdə atasının dediklərini yerinə yetirib və öz iradəsini ortaya qoya bilməyib.

Offsideplus.az xəbər verir ki, Boll bu barədə belə danışıb: "Heç bir sistemim yox idi. Sadəcə basketbol oynayırdım və atamın dediklərini edirdim. Əslində, mənə deyilənləri yerinə yetirirdim. Yeganə peşmanlığım budur ki, karyeramı daha tez nəzarətə götürmədim. Əgər geriyə qayıda bilsəydim, agent tutar, görüşlərdə özüm iştirak edər və istədiklərimi edərdim. Atamın brendinə məxsus idman ayaqqabıları xoşuma gəlmirdi, bunu deyirdim, amma bu səbəbdən aramızda mübahisələr yaranırdı. Mövzu həmişə belə olurdu: 'Əgər bu ayaqqabıları geyinmirsənsə, ailəyə qarşı çıxırsan' və s. Amma, qardaş, bu ayaqqabılar basketbol üçün deyildi. Onlar istifadəyə hazır deyildi. Onlarla oynamağa çalışırdım, amma hər hissədə cırılır və dağılırdı".

Qeyd edək ki, Lavar Boll Lonzo və qardaşları Lamelo ilə Liancelo Bollun karyerasını uşaqlıqdan idarə edib. Lonzo Boll 2017-ci il NBA dreftində ikinci seçimlə seçilib. Lakin zədələr və sağlamlıq problemləri onun potensialını tam göstərməsinə mane olub. O, ötən mövsümə "Klivlend"də başlayıb, 35 oyunda orta hesabla 4,6 xal, 4 ribaund və 3,9 assistlə çıxış edib. Daha sonra transfer pəncərəsi ərəfəsində "Yuta"ya göndərilib və bu klub tərəfindən heyətdən çıxarılıb. Hazırda oyunçunun 28 yaşı var.