Keçmiş NBA oyunçusu Gilbert Arenas "Los Anceles Leykers"in ulduzu Luka Donçiçin son fotolarından təsirləndiyini bildirib. Arenas sloveniyalı basketbolçunun arıqladığını vurğulayaraq, onun yeni mövsümdə daha məhsuldar olacağını deyib.

Offsideplus.az xəbər verir ki, Arenas bu barədə belə danışıb: "O, Luka Donçiçdir! İndi isə hazır olun! 'Leykers'in azarkeş ordusu, ən yaxşı bombardir mükafatı bizim olacaq. Onun üzərində bizim adımız yazılacaq. O, bizim evimizə gələcək. Əgər kök olanda 33 xal toplayırdısa, indi arıqlamış halda neçə xal yığacaq? Həm də LeBron Ceyms olmadan?! Görürsünüz, qadınlar bizə necə təsir edir. Bu, təkcə məşqlərin nəticəsi ola bilməz. Bütün bunlar keçmiş nişanlısı ilə bağlı vəziyyətə görədir. O, yarısını almağa çalışır. Bu, böyük stressdir. Bəzən neqativ hallar insanı uğura aparır". Qeyd edək ki, ötən mövsüm 27 yaşlı müdafiəçi LeBron Ceyms olmadan keçirdiyi 15 oyunda orta hesabla 35,1 xal toplayıb və karyerasında ikinci dəfə NBA-in ən məhsuldar oyunçusu olub.