“Çempionatın ən gərgin dönəmidir”. 

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 30-cu turunda keçiriləcək “Qarabağ” - “Turan Tovuz” matçı haqqında fikirlərini bölüşüb:

“Üçüncü və dördüncü yerlər uğrunda ciddi mübarizə gedir. Liqada belə rəqabətin olması sevindiricidir. Hazırda “Qarabağ” ikinci yeri təmin edib, lakin “Turan Tovuz”un da şansları qalır. Məncə, Tovuz təmsilçisi üçüncü yer uğrunda mübarizəni davam etdirmək əzmindədir. Oyun keyfiyyətinə görə “Qarabağ” “Turan Tovuz”dan üstün görünür. Mövsümün sonlarına yaxınlaşdıqca hiss olunur ki, komandalar həm fiziki, həm də psixoloji baxımdan yorulublar. Qarşıda gərgin oyun gözlənilir və bu matç xüsusilə Tovuz komandası üçün çox vacibdir.

Favorit adətən “Qarabağ” olur. Bu oyunda qazanılacaq xal və ya xallar hər iki komanda üçün önəmlidir, amma “Turan” üçün daha böyük əhəmiyyət daşıyır”.

Mircavadov Ağdam təmsilçisinin carı mövsümdə çıxışını da dəyərləndirib:

"Bu mövsümü “Qarabağ” üçün uğursuz hesab etmək olmaz. Düzdür, Azərbaycan çempionu ola bilmədi, lakin Avropada böyük uğur qazandı. Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək hər kluba nəsib olmur. Əlbəttə, səhvlər var və bundan sonra da olacaq. Top klublara baxdıqda görürük ki, onların heyəti daha geniş və oyunçu seçimi çoxdur. “Qarabağ” isə bu baxımdan müəyyən qədər geridə qalır ki, bu da başadüşüləndir. İndi çoxları soruşur ki, klubun imkanı olduğu halda niyə daha çox oyunçu transfer etmir? Bəli, imkanlar var, amma hər oyunçunu gətirmək də mümkün deyil. Mən şəxsən özüm işlədiyim dövrdə bunun şahidi olmuşam”.

Qeyd edək ki, “Qarabağ" bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edəcək. Matç saat 19:30-da start götürəcək.