Misli Premyer Liqasının XXVII turu "Kəpəz" üçün əlamətdar olub.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan çempionatlarının yüksək dəstəsində özünün 350-ci səfər qarşılaşmasına çıxıb.

Klubun yubiley oyunu "Karvan-Yevlax" ilə görüşə təsadüf edib və gəncəlilər bu matçda 1:4 hesabı ilə məğlub olaraq rəqib meydanlarında 164-cü uğursuzluğunu yaşayıblar. Ümumilikdə isə "Kəpəz" keçirdiyi 350 kənar meydan oyununda 100 qələbə qazanıb, 86 dəfə heç-heçə edib, rəqib qapılarından 393 top keçirdiyi halda, öz qapısında 538 qol görüb.

Bununla da "Kəpəz" ölkə birincilikləri tarixində 350 və daha çox səfər matçı keçirən dördüncü komanda statusunu qazanıb. Hazırda bu göstəricidə Gəncə klubunu yalnız "Qarabağ", "Neftçi" və "Şamaxı" qabaqlayır.