2026-cı il FIVB Voleybol Millətlər Liqasının (VNL) qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, Çinin Makao Xüsusi İnzibati Ərazisində yerləşən "East Asian Games Dome" arenasında keçirilən final matçında Türkiyə və Braziliya yığmaları üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada "filenin sultanları" rəqibini 3:1 hesabı ilə məğlub edərək turnirin çempionu adını qazanıb. Matçın ilk setini 23:25 hesabı ilə rəqibə verən Türkiyə seçməsi digər setlərdə üstünlüyü ələ almağı bacarıb - 26:24, 26:24, 25:21.

Qeyd edək ki, 2018-ci ildən təşkil olunan VNL-də ardıcıl 8-ci dəfə final mərhələsində mübarizə aparan Türkiyə A Milli qadın voleybol yığması bu turnirdə 2-ci dəfə qızıl medalı muzeyinə aparıb. 

Onlar daha əvvəl 2023-cü ildə finalda Çini məğlub edərək çempion olmuş, 2018-ci ildə isə ABŞ-yə yenilərək gümüş medalla kifayətlənmişdi.