Futbol dünyasında uzun illərdir müzakirə edilən "ölkə xaricində rəsmi oyun" məsələsi nəhayət rəsmi çərçivəyə salınır.
Offsideplus.az xəbər verir ki, FIFA-nın hazırladığı yeni qaydalar toplusu liqaların beynəlxalq bazarlara açılması üçün yaşıl işıq yandırır.
Xatırladaq ki, ötən mövsüm (2025) bu istiqamətdə iki ciddi cəhd olsa da, yerli hakimiyyət orqanlarının və azarkeşlərin etirazı ilə qarşılanmışdı:
-
"Barselona" – "Vilyarreal": Mayamidə (ABŞ) keçirilməsi planlaşdırılan matç oyunçuların və azarkeşlərin sərt reaksiyasından sonra ləğv edilmişdi.
-
"Milan" – "Komo": Avstraliyanın Pert şəhərində oynanılması nəzərdə tutulan bu qarşılaşma da oxşar səbəblərdən baş tutmamışdı.
Yeni qaydalar "xaotik" müraciətlərin qarşısını almaq üçün sərt süzgəclər nəzərdə tutur. Bir oyunun ölkə xaricinə köçürülməsi üçün aşağıdakı ardıcıllıq gözlənilməlidir:
-
Milli Assosiasiyaların razılığı: İştirakçı klubların bağlı olduğu federasiyalar razılıq verməlidir.
-
Konfederasiya təsdiqi: Məsələn, UEFA bu keçidə "hə" deməlidir.
-
Ev sahibi ölkənin icazəsi: Oyunun keçiriləcəyi ölkənin futbol federasiyası və onun aid olduğu konfederasiya (məsələn, CONCACAF) bunu qəbul etməlidir.
-
FIFA-nın veto hüququ: Bütün razılıqlardan sonra son söz FIFA-nındır. FIFA oyunçu sağlamlığı və ya yerli liqanın zərər görməsi riskini əsas gətirərək oyunu qadağan edə bilər.
FIFA-nın planına görə, ABŞ kimi gəlirli bazarların Avropa klubları tərəfindən "işğal edilməməsi" üçün bir ölkə bir mövsümdə xarici liqalardan maksimum 5 oyuna ev sahibliyi edə bilər.
Xəbərdə qeyd olunur ki, xaricdə keçirilən oyundan əldə olunan gəlirin bir hissəsi futbolun inkişafı üçün digər klublar arasında bölüşdürülməli və səfər edə bilməyən yerli azarkeşlər üçün kompensasiya mexanizmləri qurulmalıdır.
FIFA bu protokolu 2026/27 mövsümündən etibarən qüvvəyə mindirməyi hədəfləyir. Görünən odur ki, gələn il "Barselona" və ya "Milan" kimi nəhənglərin rəsmi xal mübarizəsini Nyu-Yorkda və ya Sidneydə izləmək adi hala çevrilə bilər.


