"Maklaren"in pilotu Oskar Piastri, meneceri Mark Webberin "Formula 1"dəki fəaliyyətində rolunun azalmasının tamamilə təbii bir proses olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Webber karyerasının əvvəlindən onunla çalışsa da, bu mövsümün startından öncə onun öhdəlikləri azaldılıb. Pilot özünə şəxsi məşqçi kimi "Formula 2"dəki yarış mühəndisi Pedro Matuşu işə götürüb.

O, təcrübə topladıqca menecerinə ehtiyacının azaldmağını belə izah edib:

"Mən F1-ə yeni gələndə Webber mənə elə suallar verməyi və elə ideyalar səsləndirməyi məsləhət görürdü ki, bunlar heç vaxt ağlıma gəlməzdi. O zaman öz-özümə düşünürdüm: "Lənət şeytana, bu, onun ağlına necə gəldi?" və ya "Mən belə bir şeyi necə düşünə bilərdim?"

Bütövlükdə bu, sadəcə təcrübə məsələsidir. Biz hər gün nəsə öyrənirik. Artıq burada dördüncü mövsümümü keçirirəm və ilk bir-iki ildə ağlıma belə gəlməyən sualların çoxunu indi ya özüm cavablandıra bilirəm, ya da hansı sualları verməli olduğumu başa düşürəm. Bu, təcrübə ilə gələn təbii bir haldır".

Avstraliyalı sürücü həmçinin qeyd edib ki, bəzi dərsləri mütləq öz səhvləri üzərində öyrənməlidir:

"Təbiidir ki, təcrübə artdıqca yarış tapşırıqları ilə bağlı Markın köməyinə və məsləhətlərinə daha az ehtiyac duyuram. Bəli, elə şeylər var ki, ilk bir-iki mövsümdə onları yalnız öz səhvlərin sayəsində öyrənə bilərsən. Bunun başqa yolu yoxdur. Bununla belə, əminəm ki, Markın təcrübəsi və köməyi olmasaydı, daha çox xoşagəlməz və çətin məqamlarla qarşılaşa bilərdim".