ABL-nin III turunda "Quba" bu gün "Sumqayıt"ı 88:98 hesabı səfərdə ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov qələbəni şərh edib:

"Oyun bərabər səviyyədə keçdi. Rəqibin 4 nömrəli oyunçusu bizə böyük problem yaratdı. Çox gözəl performans sərgilədi. Rəqibin veteran oyunçusu Fuad Niftəliyev də yaxşı oynadı. Bizim kapitanımız Zaur Paşayev də zədəli idi. Buna baxmayaraq, yenə də oyuna çıxdı. Sağ olsun. Onun meydana daxil olmağı ilə oyunda dönüş yaratdıq. Bütün oyunçularımız yaxşı performans göstərdi. Sadəcə komandamız uddu. Yaxşı kollektiv oyunu göstərdik, rəqibin "benç"inin zəif olmağından istifadə edib, tez-tez heyətimizi dəyişdirməklə rəqibə qalib gəldik. Yaxşı və bizə lazım olan qələbə idi. Çünki Qubada " Ordu" ilə oyunda heç nə alınmamışdı. Bu oyunda özümüzə gəlib, növbəti matçlara daha nikbin çıxa bilərdik. Bunu da etdik".

"Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın isə məğlubiyyətlə bağlı bu sözləri deyib:

"Quba"nı qələbə münasibətilə təbrik edirəm. Çox təşkilatlanmış basketbol oynayırlar. Mövsümlərarası fasilə dönəmində hazırlıq oyunları oynadıqlarına görə yaxşı təsir bağışlayırlar. Bu da təbii ki sonda nəticəyə təsir göstərir.  Biz isə hələ də öz oyunumuzu tapa bilmirik. Ardıcıl 3-cü oyundur ki, biz matçın ortalarına qədər hesabda öndə oluruq, sonra üstünlüyümüzü əldən veririk . Həm foul, həm də ribaund problemi ilə üzləşirik. Mərkəz oyunçumuz Elayca Hatçins-Everett kənara çəkilən kimi rəqib fərqi artırır. Ümid edirəm ki,  vəziyyətdən çıxa biləcəyik".