ABL-nin III turunda "Sabah" "Şəki"ni 85:66 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Şəki təmsilçisinin baş məşqçisi Bedri Meriç məğlubiyyəti belə şərh edib:
“Əslində matça yaxşı başladıq. Digər 2 oyunda da belə olmuşdu. Davamını gətirə bilmirik. Təəssüf ki, daha fiziki olaraq hazır deyilik. İlk hissədəki çıxışdan məmnunam. Amma 3-cü periodda yorulduğumuz üçün hesabda çox geridə qaldıq, rəqib ribaundları aldı. Dorukhan Kuzu “Abşeron Layns” və “Neftçi” ilə matçlarda sənədləşmə ilə bağlı problemlərə görə oynaya bilməmişdi. Bu gün debüt etdi. Bugünkü performansından razıyam. Səhvləri görüb daha da hazır olmağımız lazımdır. Növbəti turda ilk ev oyunumuzda ilk qələbəmizi qazanıb hər şeyə sıfırdan başlamaq istəyirik. NTD də bizim kimi qələbəsi olmayan komandadır. Amma bizim üçün bu matçın üstünlüyü var. Biz Şəkidə öz azarkeşlərimiz önündə daha yaxşı oynayırıq. İnşallah, bu həftə öz meydanımızda ilk dəfə məşqə başladıqdan sonra hər şeyin yoluna düşəcəyinə ümid edirəm".
"Sabah"ın çalışdırıcısı Rimas Kurtinaytis isə “Şəki” ilə oyundan sonra bu fikirləri səsləndirib:
“Qələbəyə görə şadam. Amma məni qələbədən daha çox oyunun keyfiyyəti maraqlandırır. Qələbə qazansaq da, oyundan razı qaldığımı söyləyə bilmərəm. Oyunda bəzi məqamlar məni qane etmədi. İstəyirəm ki, oyun konsentrasiyasını itirməyək. Bizim üçün ABL-də hər oyun həm də Çempionlar Liqasına hazırlıq baxımından əhəmiyyətlidir. “Şəki” komandasını gözəl oyuna görə təbrik edirəm. Bizimlə görüşdə maksimum güc sərf etdilər”.



