“Çelsi” klubunun ulduzu Kol Palmer, son bir neçə mövsümdə göstərdiyi inanılmaz performansla həm Premyer Liqa, həm də klub tarixinə adını qızıl hərflərlə yazdırıb.

Offsideplus.az xəbər verir ki, onun qırdığı bəzi rekordlar o qədər unikaldır ki, onların yaxın gələcəkdə yenilənməsi qeyri-mümkün görünür.

​İngiltərə futbolunda “Cold Palmer” (Soyuqqanlı Palmer) ləqəbi ilə tanınan futbolçunun inanılmaz nailiyyətlərini təqdim edirik:

​Kol Palmer Premyer Liqa tarixində bir oyunun ilk hissəsində 4 qol vuran ilk və yeganə futbolçu kimi tarixə düşüb. O, bu tarixi uğura “Brayton” ilə oyunda imza ataraq bütün futbol dünyasını heyrətləndirib.  

​Gənc ulduz “nöqtə”dən hər kəsi qısqandıracaq bir statistika nümayiş etdirir. O, Premyer Liqada yerinə yetirdiyi 12 penaltinin hamısını (12/12) qola çevirərək 100%-lik dəqiqlik göstərib. Bu göstərici ilə o, Yaya Ture kimi əfsanələri geridə qoyaraq turnir tarixinin ən etibarlı penalti icraçısına çevrilib. 

​Palmer “zadəganlar”ın heyətində rekordları bir-birinin ardınca yeniləyir:

  • “Çelsi” tarixində bir oyunun ilk hissəsində bir neçə dəfə xet-trik edən ilk futbolçudur.
  • ​O, klub tarixində 50 qol və məhsuldar ötürmə həddinə ən qısa müddətdə (cəmi 48 oyuna) çatan oyunçudur.  
  • ​“Çelsi”nin Premyer Liqa dövründə ən çox xet-trik edən (4 xet-trik) futbolçusu ünvanını ələ keçirərək Frenk Lempard, Didye Droqba və Cimmi Floyd Hasselbaynk kimi əfsanələri qabaqlayıb.

​Hisslərdən deyil, peşəkar hesablardan və soyuqqanlılıqdan güc alan Palmerin yaradıcılığı onu London klubunun yeni simasına çevirib.