Bu gün doğum günü olan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin və "Abşeron" klubunun oyunçusu Bəyaz Alıyevanın Offsideplus.az-a müsahibəsi...
- Doğum gününüz mübarək, Bəyaz xanım!
- Diqqətiniz üçün təşəkkür edirəm.
- Bu günü necə qeyd edəcəksiniz?
- Hər zaman olduğu kimi ailəmlə birlikdə.
- İndiyədək ən yaddaqalan doğum gününüz hansı olub?
- Hər doğum günü mənim üçün xoş və yaddaqalandır.

- Doğum gününüzdə verilən ən böyük hədiyyə hansı olub?
- Özümün özümə hər il etdiyi hədiyyələr.
- Başa çatan mövsümü özünüz və çıxış etdiyiniz komandanız üçün necə dəyərləndirərdiniz?
- Baxmayaraq ki, komandaların sayı az idi, amma çox maraqlı çempionat keçdi. "Abşeron" xal itkisiz liqanı başa vurdu. Bu da bizim üçün böyük uğurdur.
- Bundan sonra daha neçə il voleybolla məşğul olmaq istəyirsiniz?
- Bu haqda konkret fikir bildirə bilmərəm. Bunu zaman göstərəcək.
- Voleybol sizin üçün nə deməkdir?
- Voleybol mənim üçün ilk növbədə alın yazısı, uşaqlıq arzum, seçdiyim yol, qazandığım uğur və ən rahat hiss etdiyim yer. Mən voleybolu sevirəm.

- Qarşıda sizi V İslam Həmrəyliyi Oyunları gözləyir. Bu turnirdən gözləntiləriniz nədir?
- Mayın 30-dan bu turnirə hazırlaşırıq. Məşqlərmiz qrup halında həm zalda, həm də açıq havada keçirilir. Bakıda hazırlığı başa vurduqdan sonra xaricə gedəcəyik və orada bir sıra yoldaşlıq oyunları keçirəcəyik. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir.
- Bəyaz xanım, sanki Azərbaycan voleybolu əvvəlkindən aşağı səviyyədədir. Sizcə, bunun səbəbi nədir?
- Bəli, əvvəlki dövrlərə nisbətən hazırkı Azərbaycan çempionatının səviyyəsini aşağıdır. Bu da bizi üzür. Daha əvvəl məşhur voleybolçular ölkəmizdə forma geyinirdi və biz də onlardan çox şey öyrənirdik. İnanıram ki, Azərbaycan voleybolu əvvəlki nüfuzunu qaytaracaq.

- Ölkə voleybolunu əvvəlki günlərinə qaytarmaq üçün hansı tədbirlər görülməlidir?
- Fikrimcə, federasiya bu yolda yaxşı addımlar atır. Biz də əlimizdən gələni edəcəyik ki, Azərbaycan voleybolu zirvələrdə olsun.
Cavid Əliyev



