“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.
Offsideplus.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları ilə tanınan komandanın yubiley qolunun müəllifi Abdullahi Şuaybu olub.
Nigeriyalı hücumçu Misli Premyer Liqasının VII turunda “Zirə” ilə keçirilən səfər matçında fərqlənib. 1:1 hesabı ilə başa çatan görüşdə vurulan qol “Şamaxı”nın tarixində 900-cü olub.
Bu göstəriciyə komanda 733-cü matçında çatıb. Şamaxı təmsilçisi ev oyunlarında 482, səfərdə isə 418 qol vurub. Ümumi qol sayına görə komanda yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.
Qeyd edək ki, klubun yüksək dəstədə ilk qolunu Samir Ələkbərov vurub. O, 1999-cu il noyabrın 7-də “Neftçi” ilə keçirilən və 2:3 hesabı ilə başa çatan ev matçının 37-ci dəqiqəsində fərqlənib.


