"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda öz meydanında "Slaviya"nı (Praqa, Çexiya) qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas media mənsublarının suallarını cavablandırıb.
Litvalı mütəxəssis komandasının görüşə hazır olduğunu vurğulayıb:
"İnanıram ki, bu səviyyəli oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik. Rəqib də təbii ki, müsbət nəticə qazanmaq istəyir. Baş məşqçi kimi mənim işim komandanı tam şəkildə oyuna kökləməkdir və öz vəzifəmi icra edirəm".
Dambrauskas Praqa təmsilçisinin oyun üslubunu yüksək qiymətləndirib:
"Slaviya"nın çox yaxşı oyun stili var. Güclü və yüksək pressinqə üstünlük verən komandadırlar. Baş məşqçilərinin seçdiyi futbolçular bu taktikaya tam uyğundur, hücumameyilli futbol oynayırlar. Buna baxmayaraq, biz də öz gücümüzə inanırıq. Düşünürəm ki, oyun gedişində rəqibin zəif tərəflərini tapıb istifadə edə biləcəyik".
Rəqib futbolçuların səfərdən 3 xalla qayıtmaq iddialarına toxunan baş məşqçi, "Sabah"ın bu matça xüsusi motivasiya ilə çıxacağını bildirib:
"Bəli, rəqibin uzun müddətdir səfərdə qalib gələ bilmədiyindən xəbərdarıq. Biz nəyə qadir olduğumuzu yaxşı bilirik. Bəlkə də onlar üçün kağız üzərində asan rəqib kimi görünürük, lakin özümüzü sübut etmək üçün əla şansımız var. Şəxsən benim üçün bu, əlavə motivasiya deyil. Ən böyük motivasiyam meydana çıxıb maksimumu verməkdir. Biz bu vaxta qədər böyük yol keçərək möcüzə yaratmışıq".


