"Barselona"nın baş məşqçisi Hansi Flik "Atletiko" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra bəzi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, bu qələbə sayəsində kataloniyalılar turnir cədvəlində ən yaxın izləyicisi ilə xal fərqini 7-yə çatdırıb.
Oyuna sonradan daxil olan Robert Levandovski qələbə qoluna imza atıb, Lamin Yamal isə növbəti dəfə parlaq oyunu ilə seçilib. Flik gənc ulduzun matçdan sonra qələbəyə rəğmən bir qədər məyus olduğunu bildirib:
"Oyuna nəzarət etdik və vacib olan 3 xalı qazandıq. Yamal hər şeyi sınadı: driblinqlər etdi, hücuma atıldı, lakin qol vura bilmədi. Emosional oyun olduğu üçün bir az məyus idi, amma bu normaldır. İndi paltardəyişmə otağındadır və hər şey qaydasındadır".
Alman mütəxəssis həmçinin Xerard Martinin ikinci hissənin əvvəlində VAR tərəfindən ləğv edilən qırmızı vərəqəsi haqqında da danışıb: "Həmin anı televiziyada təkrar görmədim. Amma canlı izlədiyim qədərilə o, ilk olaraq topa toxunmuşdu, məncə, qırmızı vərəqəlik epizod deyildi".
Flik zədələnərək meydanı tərk edən Ronald Arauxo və Mark Bernalın son durumu barədə də qısa məlumat verib: "Arauxo və Bernalın vəziyyəti sabahkı testlərdən sonra bəlli olacaq. Ciddi zədə olduqlarını düşünmürəm. Ümid edək ki, qorxulu bir şey yoxdur".


