Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində tarixi uğura imza atan çimərlik güləşçilərimiz vətənə qayıdıb.
Offsideplus.az xəbər verir ki, tarixdə ilk dəfə komanda hesabında dünya çempionu olan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi təşkil olunub.
Güləşçilərimiz yarışda 2 qızıl (Vüsal Əliyev, Əşrəf Aşırov) və 2 bürünc (Camal Feyziyev, Sahib Dadaşov/Rübail İbrahimli) medal qazanaraq ümumi komanda hesabında birinci yeri tutublar.
Milli komandanın baş məşqçisi Oyan Nəzəriani bu zəfərin böyük əməyin bəhrəsi olduğunu bildirib:
"Keçən il verdiyimiz sözü tutduq və komanda hesabında dünya çempionu olduq. Dünyanın ən yaxşı məşqçisi seçilməyim fərdi uğurdan ziyadə bütün komandanın zəhmətidir. Bizə göstərdiyi dəstəyə görə Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Final günümüz 27 Sentyabr Anım Gününə təsadüf edirdi, idmançılarımız bu məsuliyyəti dərk edərək xalqımızı sevindirmək üçün sonadək mübarizə apardılar".
Yarışın qalibləri Vüsal Əliyev və Əşrəf Aşırov qələbələrini şəhidlərimizə həsr etdiklərini, mükafatçılar isə növbəti mövsümdə əyarı qızıla çevirmək üçün daha əzmlə çalışacaqlarını vurğulayıblar.


