10-cu Azərbaycan Qran-Prisi yarış həftəsonu ərzində Bakını beynəlxalq medianın diqqət mərkəzinə çıxarıb.

Offsideplus.az xəbər verir ki, yarışı dünyanın aparıcı media qurumlarını təmsil edən 300-ə yaxın yerli və xarici jurnalist, fotoqraf və çəkiliş qrupu birbaşa hadisə yerindən işıqlandırıb.

Azərbaycan Qran-Prisi "Sky Sports", "ESPN", "Canal+", "beIN Sports", "Apple TV", "Tencent", "TV Globo" və "DAZN" da daxil olmaqla, ümumilikdə 56 xarici televiziya kanalında yayımlanıb. Eyni zamanda, "Netflix" platformasının məşhur "Drive to Survive" layihəsinin yaradıcı heyəti də çəkilişlər üçün Bakıda olub.

Yarış həftəsi ərzində xarici media orqanları yalnız Formula 1 mübarizəsi ilə kifayətlənməyərək mədəniyyətimiz və milli ənənələrimizlə bağlı xüsusi reportajlar təqdim ediblər. Avstriyanın "ServusTV" kanalı milli mətbəximiz və musiqi alətlərimizdən, Böyük Britaniyanın "Sky Sports" telekanalı isə Azərbaycan xalçaçılıq sənətindən bəhs edən süjetlər hazırlayıb.