"Mançester Siti"nin sponsor gəlirləri ilə bağlı müstəqil komissiyanın apardığı araşdırmanın nəticələri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, komissiya klubun sponsorluq müqavilələrindən əldə olunan gəlirləri şişirtdiyini müəyyən edib. Bildirilir ki, "Mançester Siti" 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər olan dövrdə sponsor gəliri kimi ümumilikdə 949,94 milyon funt göstərib. Lakin reallıqda tərəfdaş şirkətlər kluba cəmi 119,25 milyon funt ödəyib, qalan 830,69 milyon funt isə klubun sahibi olan Abu Dhabi United Group tərəfindən ödənilib.

Komissiyanın rəyində qeyd olunub ki, bu sxem vasitəsilə klub kommersiya gəlirlərini olduğundan dəfələrlə artıq göstərib və bu yolla həm tənzimləyici orqanları, həm də auditorları aldadıb. Klubun maliyyə hesabatlarında yalnız əsas məbləğ əks olunmalı olduğu halda, "Mançester Siti" bütün vəsaitləri gəlir kimi göstərib və ADUG-un faktiki yatırımlarını gizlədib.

Qeyd edək ki, İngiltərə Premyer Liqası 2023-cü ilin fevralında "Mançester Siti"ni 2009-2018-ci illər aralığında maliyyə qaydalarını 115 dəfə pozmaqda ittiham etmişdi. Sonradan bu say 130-a çatdırılıb və klub bütün ittihamlar üzrə günahkar bilinib.