Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (60 kq) gələcək planları və Albaniyanın paytaxtı Tiranada qazandığı qələbə barədə danışıb.
Offsideplus.az xəbər verir ki, idmançı Azərbaycan Güləş Federasiyasının mətbut xidmətinə açıqlamasında reytinq turnirindəki çempionluğunun onun üçün böyük stimul olduğunu bildirib:
"Yarışa çox yaxşı hazırlaşmışdıq, çəkisalma prosesi də rahat keçdi. Özümü xalça üzərində əla hiss edirdim. Rəqiblərim güclü olsa da, mən daha hazırlıqlı idim və hamısına qalib gələrək qızıl medal qazandım".
Ötən il bəzi sağlamlıq problemləri ilə üzləşdiyini deyən güləşçi artıq tam bərpa olunduğunu vurğulayıb:
"Ötən il qabırğam sındı, gözümdə problem yarandı. Şükürlər olsun ki, indi heç bir ağrım yoxdur və tam hazıram".
N. Məmmədli qarşıdakı hədəflərini belə sıralayıb:
"Qarşıdan Avropa çempionatı gəlir. Məqsədim titulumu qorumaq və üçqat qitə çempionu olmaqdır. Ondan sonra isə indiyə qədər medal qazana bilmədiyim dünya çempionatında uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm".



