İrandakı gərginlik və bombardmanlar zamanı ölkəni tərk etməyə çalışan "İstiqlal"ın futbolçusu Dyukan Nazonun Azərbaycana gəlişi əsl dramla yadda qalıb.

Offsideplus.az xəbər verir ki, idmançı Tehrandan qaçış və sərhəddə yaşadığı qorxulu anlar barədə danışıb:

"Bombardmanlar başlayanda hamı Türkiyə istiqamətinə getdi, mən isə sürücümlə təkbaşına Azərbaycana gəlməyə qərar verdim. 10 saatlıq yol və çoxsaylı blokpostlardan sonra səhər saat 4-də sərhədə çatdıq. Fransız pasportum olduğu üçün İran tərəfi çıxış möhürünü vurdu, lakin Azərbaycan tərəfə keçmək üçün viza kodum yox idi".

İdmançı viza problemi səbəbindən sərhəddə 32 saat gözləməli olduğunu bildirib:

"İranlılar artıq çıxış möhürünü vurduqları üçün geri qayıda bilməzdim. Bir neçə saat ərzində iki ölkə arasında - heç kimin olmadığı ərazidə qaldım. Diplomatlar keçib gedirdi, mən isə tək idim. Mənə dedilər ki, bu məsələ həftə sonuna qədər çəkə bilər".

Vəziyyətin ciddiləşdiyini görən futbolçunun yaxınları müxtəlif ölkələrin səfirliklərinə təzyiq göstərməyə başlayıblar:

"Fransanın Azərbaycandakı səfiri Sofi Laqut İrandakı səfirliklə əlaqə saxladı və mənim keçidimi təmin etdi. Nəhayət, sərhədi keçəndə hər yer müharibə zonasına oxşayırdı - insanlar formada idi, hər tərəf boz rəngdə və qorxulu görünürdü".

(sports.ru)