“Qarabağ” - “Sabah” arasında çempionluq  uğrunda intriqa mövsümün sonuna qədər davam edəcək”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 22-ci turunda keçirilən oyunlarla bağlı fikirlərini bölüşüb: Turun ilk qarşılaşması “Kəpəz”- “Sumqayıt” (3:0) matçında hesabdan da göründüyü kimi, üstün tərəf “Kəpəz” idi. Komanda ilk dəqiqələrdən oyuna yaxşı başladı və rəqibi təzyiq altında saxladı. Birinci hissədə vurulan qollar cütün taleyini həll etdi. “Sumqayıt” isə sanki ruh düşkünlüyü yaşayırdı. Səbəbini dəqiq bilməsək də, bu hal oyunda açıq şəkildə hiss olunurdu.

“Araz‑Naxçıvan”- “Zirə” (0:1) matçına gəldikdə isə deyə bilərik ki, maraqlı bir oyunun şahidi olduq. Hər iki komanda Avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Birinci hissə “Araz-Naxçıvan”ın üstünlüyü ilə keçdiyi üçün onlar hesabda irəli də çıxa bilərdilər. Lakin yaradılan imkanlardan istifadə edə bilmədilər. “Zirə” isə getdikcə ərazi üstünlüyünü ələ aldı və sonda vurduğu qol sayəsində vacib 3 xalı qazandı.

“Şamaxı”– “Neftçi” (2:2) matçı da dinamik və gərgin mübarizə şəraitində keçdi. İntriqalı oyun izlədik. Bilirik ki, “Neftçi” son vaxtlar yaxşı çıxış edir və komandadakı müsbət ab-hava bu oyuna da təsir etmişdi. “Şamaxı”dan öz meydanında xal almaq hər zaman çətindir. Oyunun gedişi də demək olar ki, bərabər səviyyədə keçirdi. Lakin “Neftçi” son dəqiqələrdə qələbəni əldən verdi və vacib iki xal itirdi.

“Qəbələ”– “Karvan-Yevlax” (1:1) oyununa gəldikdə isə, “Qəbələ” qış fasiləsindən sonra daha yaxşı təsir bağışlayır və komandada oturuşmuş oyun hiss olunur. Autsayder “Karvan”la görüşdə matçdan əvvəl proqnozlar “Qəbələ”nin xeyrinə idi. Lakin oyun göstərdi ki, Yevlax təmsilçisi də bu qarşılaşmaya ciddi hazırlaşıb. Nizam-intizamlı oyun nümayiş etdirən “Karvan” vacib bir xal qazandı”.

Əsədovun sözlərinə görə, “Turan Tovuz” - “İmişli” (0:0) qarşılaşması da prinsipallığı ilə seçilib: “Turan Tovuz” üçün üç xalı qazanmaq çox vacib idi. Çünki xal ehtiyatını “Zirə” və “Araz-Naxçıvan”la müqayisədə daha da artıra bilərdi. Lakin bu imkandan yararlana bilmədi. “İmişli” isə bir daha göstərdi ki, istənilən rəqibdən xal almaq gücündədir.

Turun son oyunu olan “Qarabağ” –“Sabah” qarşılaşması isə, fikrimcə, mövsümün ən yaxşı oyunlarından biri idi. Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Oyundan əvvəl “Sabah”ı bir xal qane edirdisə, oyunun gedişi göstərdi ki, onlar iki xal itirdilər. Çünki “Qarabağ” sonda xarakter nümayiş etdirərək heç-heçə əldə etdi. Qarşılaşmaya gəlincə, “Sabah” ilk dəqiqələrdən üstün təsir bağışlayır və istədiyi performansı göstərirdi. Lakin 70-ci dəqiqədən sonra “Qarabağ” təcrübəsi hesabına geri dönüş edərək bir xal qazana bildi”.

Qeyd edək ki, 53 xalı olan “Sabah” turnir cədvəlinin lideridir.