Böyük Britaniya hökuməti çərşənbə günü rusiyalı oliqarx Roman Abramoviçə Ukraynaya 2,5 milyard funt sterlinq (təxminən 3,33 milyard dollar) köçürmək üçün son şans verildiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, əks halda Abramoviçi məhkəmə prosesi gözləyə bilər. Sözügedən məbləğ “Çelsi” futbol klubunun satışından əldə olunub və artıq 3 ildən çoxdur dondurulmuş vəziyyətdədir.

Abramoviç 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Bu qərar Premyer Liqa klubunun tələsik satışına və əldə olunan vəsaitin dondurulmasına səbəb olub.

Böyük Britaniya hökuməti bu vəsaitin yalnız Ukraynada humanitar məqsədlər üçün xərclənməsini istəyir. Bu mövqe Avropanın Moskvadan müharibənin yaratdığı dağıntı və insan itkilərinin maddi yükünü daşımasını tələb edən daha geniş yanaşmasının bir hissəsidir.

Məlumata görə, Abramoviçin nümayəndələri hökumətin açıqlamasına dərhal cavab verməyib. O, daha əvvəl vəsaitin istifadəsində daha çox çeviklik istədiyini və pulun bütün müharibə qurbanlarına yönəldilməsini arzuladığını bildirmişdi. Yeni lisenziyanın şərtlərinə əsasən, Abramoviçin 90 gün ərzində qərar verməsi tələb olunur.

Hökumət açıqlamasında bildirilib ki, əgər Abramoviç vəsaitin azad olunmasını gecikdirsə, 2022-ci ildə əldə olunmuş razılaşmanın icrası üçün məhkəməyə müraciət etməyə tam hazırdırlar.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz:
“Ukrayna xalqına məxsus olan 2,5 milyard funtun Böyük Britaniyada bank hesabında dondurulmuş vəziyyətdə qalması qəbuledilməzdir.”

Baş nazir Kir Starmer isə bildirib ki, hökumət vəsaitin azad edilməsi üçün lisenziya verəcək. Bu, pulların yeni yaradılacaq xeyriyyə fonduna köçürülməsinə imkan yaradacaq. Rivz parlamentə təqdim etdiyi ayrıca açıqlamada Abramoviçin fondun yaradılması və vəsaitin köçürülməsi ilə bağlı istənilən təklifinin nəzərdən keçiriləcəyini deyib.

Qeyd edək ki, Avropa İttifaqı liderləri də yaxın günlərdə dondurulmuş Rusiya dövlət aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın büdcə və müdafiə ehtiyaclarına yönəldilməsi ilə bağlı təklifləri müzakirə etməyi planlaşdırır. Moskva bu təşəbbüslərə kəskin etiraz edir.

Roman Abramoviçin rəhbərliyi dövründə “Çelsi” tarixinin ən uğurlu mərhələsini yaşayıb. Klub 2022-ci ilin mayında amerikalı investor Todd Bohli və "Clearlake Capital" fondunun rəhbərlik etdiyi konsorsiuma satılıb. Satışdan əldə olunan vəsait isə hələ də Böyük Britaniyada bank hesabında dondurulmuş vəziyyətdə qalır və Maliyyə Nazirliyinə bağlı sanksiyaların icrasına nəzarət qurumunun lisenziyası olmadan istifadə edilə bilməz.