Finlandiyanın ən titullu klublarından biri olan “Haka”nın stadionunda baş verən yanğına azyaşlı yeniyetmənin səbəb olduğu müəyyən edilib.

Offsideplus.az xəbər verir ki, Polisin çərşənbə günü yaydığı məlumata görə, hadisə bazar günü axşam saatlarında Valkeakoski şəhərində yerləşən Tehtaan Kenttä stadionunda baş verib. Finlandiyanın Sisä-Suomi polisinin məlumatına əsasən, yanğın başladığı zaman orada 15 yaşdan kiçik üç yeniyetmə olub.

Detektiv-inspektor Maijastiina Tammistonun açıqlamasına görə, həmin yeniyetmələrdən biri obyekti qəsdən yandırdığını və bunun nəticəsində yanğının alovlandığını etiraf edib. Nəticədə stadionun bir tribunasının tamamilə yararsız hala düşdüyü, süni örtüyün bir hissəsinin isə zədələndiyi bildirilib.

Hadisə qəsdən yanğın kimi araşdırılır. Lakin Finlandiya qanunvericiliyinə əsasən, 15 yaşından aşağı şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilməz.