Mauro İkardi “Milan”a keçmək üçün israrlıdır
Offsideplus.az xəbər verir ki, “Fichajes Italia”nın məlumatına görə, “Milan” qol problemi yaşayan hücum xəttini gücləndirmək üçün yeni hücumçu axtarır və Mauro İkardi bu fürsətdən istifadə edərək “rossonyerlər”ə keçmək arzusunu açıq şəkildə göstərir. Hazırda “Qalatasaray”da çıxış edən argentinalı forvard İtaliya A Seriyasına qayıtmağa son dərəcə həvəsli görünür.
İkardinin ətrafı onun “Milan” formasını geyinmək istəyini getdikcə daha açıq şəkildə vurğulayır. Klub isə rəqabətədavamlı “9 nömrə” üçün bütün variantları araşdırır. Onun transferi “Milan”ın əsas prioritetləri sırasında olmasa da, təcrübəsi, məhsuldarlığı və “Qalatasaray”la müqavilə vəziyyətinin qeyri-müəyyənliyi səbəbilə diqqətdən kənarda qalmır. Müqaviləsi 2026-cı ilin yayında başa çatır və yenilənmə ilə bağlı irəliləyiş yoxdur.
Türkiyədə də vəziyyət yaxından izlənilir. İkardinin daha güclü liqaya qayıtmaq istəyi və gələcəyi ilə bağlı qeyri-müəyyənlik “Milan” üçün müəyyən şərtlər daxilində imkanı açıq saxlayır. Transfer ehtimalı hələ də aşağı qiymətlənsə də, tamamilə istisna olunmur.
İkardinin transferinin reallaşması üçün “Milan”ın əsas hücumçularından birinin ayrılması vacibdir və burada diqqətlər Santiaqo Ximenez üzərində cəmlənib. Meksikalı hücumçu çətin dönəm yaşayır: bu mövsüm cəmi bir qol vurub, zədələr səbəbindən ritm itirib və performansı suallar doğurub.
Buna baxmayaraq, həm klub, həm də futbolçu layihəyə bağlılıq nümayiş etdirir və onun potensialına inanır. Ximenezin transferi üçün A Seriyası, Bundesliqa, Premyer Liqa və hətta “Boka Xuniors”dan maraq olduğu deyilir. Lakin yalnız real və ciddi təklif gəldiyi halda “Milan” yeni hücumçu üçün yol açacaq və həmin ssenaridə İkardi ən əlçatan və hazır variant kimi önə çıxır.
Klubun siyahısında Luqqa (“Napoli”), Füllkruq (“Vest Ham”) kimi 5-6 hücumçu var, amma heç biri tam uyğun namizəd kimi görünmür. Bu səbəbdən İkardi digər namizədlərdən fərqlənir: A Seriyanı yaxşı tanıyır, məhsuldar hücumçudur və İtaliyaya qayıtmaq onun üçün təbii addım hesab olunur.
Argentinalı forvard yanvar transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir və A Seriyaya qayıtmaq istəyini gizlətmir. İndi hər şey “Milan”ın qərarından asılıdır – əgər klub Santyaqo Ximenezdən ayrılmağı bacarsa, İkardinin San Siroya keçidi real ssenariyə çevrilə bilər.



