Keçmiş "Mançester Yunayted" müdafiəçisi Qari Nevill Premyer Liqanın 8-ci turunda "Bornmut"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra klubdakı vəziyyəti dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Nevill bildirib ki, Maykl Karrikin "Mançester Yunayted"in baş məşqçisi postunda qalması son dərəcə çətin olacaq. "Bu, klubun əsas problemidir. Bunu demək ağırdır. Hələ ötən mövsüm düşünürdüm ki, klub mövcud olan ən yaxşı məşqçini gətirməli idi, Karriki təyin etməməli idi. Belə bir vəziyyətin tez baş verəcəyindən ehtiyat edirdim, amma durum gözləniləndən də tez pisləşdi. Klubda hazırda tam xaos hökm sürür. Azarkeşlər Karrikin adını səsləndirirlər, çünki sabah onun baş məşqçi postunda qalıb-qalmayacağı gündəmə gələcək. Karriki sevirlər. Amma klubun sahiblərini, idman departamentini və oyunçuları sevmirlər. Onlar klubu ciddi şəkildə yarı yolda qoyublar. Sabah rəhbərlik yəqin ki, "Mançester Yunayted" azarkeşlərini qəzəbləndirəcək bir qərar verəcək, amma bəlkə də bu, zəruridir. Klubda qarışıqlıq hökm sürür", – deyə Nevill vurğulayıb.