Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında 5-ci dəfə çempion olan Azərbaycan güləşçisi Eldəniz Əzizli təəssüratlarını bölüşüb və karyerası ilə bağlı sualları cavablandırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli pəhləvan əzmkar mübarizədən və taktiki planından söz açıb:

"Beşqat dünya çempionu olmaq sözdə asan görünür. Mən artıq 27-28 ildir ki, mübarizə aparıram. Yarımfinal və finaldakı rəqiblərim dünyaya gələndə mən artıq Avropa çempionu idim. Bu il çox çalışdıq, vuruşduq və şükürlər olsun ki, çempion oldum. Ötən dünya çempionatında üçüncü olmuşdum, lakin bu nəticə məni qane etmirdi.

Karyeramı davam etdirib-etdirməyəcəyimə gəlincə, indidən bir söz demək çətindir. Şəxsi məşqçim, federasiya və məşqçilər korpusu ilə müzakirələrdən sonra yekun qərarı açıqlayacağıq.

Ən çətin görüşlərim yarımfinal və finalda oldu. Bakıda rəqibləri təhlil edərkən bunu bilirdik. Hər şey plana uyğun getdi. Xalçaya çıxanda çempion olacağıma inanırdım. Rəqibə passivlik verildikdən sonra 70-80 faiz qalib gələcəyimi anladım. Taktikam ilk xalı götürmək idi".