"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə İngiltərə klubunda yaşanan gərginliyin və ayrılığın pərdəarxası məqamlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis Ronaldunun gözləntiləri doğrultmadığını və komandanı yarıyolda qoyduğunu bildirib:

"Kriştianu Ronaldu komandanı və məni yarıyolda qoydu. Halbuki bütün planlarımızı onun üzərində qurmuşduq. Ona böyük hörmət bəsləyirdim. Lakin həmin dövrdə bir baş məşqçi kimi rasionallıqla qərar verməli və məhz hörmətə layiq olan futbolçuları komandada saxlamalı idim.

Dəfələrlə ona deyirdim: "Ronni, hər kəs səni doğru mövqeyə çıxarmaq üçün çalışmaq istəyir, amma özünü cərimə meydançasına ata bilməsən, qol vura bilməzsən". O, bunu edəcək fiziki imkanda deyildi. Ondan pressinq gözlədiyim üçün tükəndiyi barədə iddialar yalandır. Ronaldu nə toplu, nə də topsuz oyunda qaçırdı. Çünki mövsümə tam hazırlaşmamışdı".

Ten Haq ulduz futbolçuların komanda daxilindəki nüfuzundan və "Real Madrid" xəttinin yaratdığı problemlərdən də danışıb:

"Hər böyük klub öz ulduzuna sahib çıxmalıdır, amma ulduz oyunçu da komanda üçün tər tökməlidir. O, komanda yoldaşlarına "Məşqdə ayaqlarınızı yormayın" deyirdi. Fiziki baxımdan zirvədəsənsə, bunu anlamaq olar, bəzi məşqlərdə özünü qoruya bilərsən. Amma öncə həmin fiziki formanı yığmaq lazımdır.

Komandadakı bəzi futbolçular üçün futbol və "Yunayted" birinci dərəcəli prioritet deyildi. Bunun Kazemiro, Varan və Ronaldunun gətirdiyi "Madrid bağlantısı"nın nəticəsi olduğunu deyə bilərəm. Onlar güclü idilər və qərarları özləri vermək istəyirdilər. Rəhbərlik dinamik və hücum yönümlü futbol tələb edirdi, bu oyunçular isə ancaq özlərinə rahat olan oyunu oynamaq niyyətində idilər".