Yeni NBA mövsümünün başlanmasına sayılı günlər qalıb. Bu dəfə də liqada avropalı ulduzların üstünlüyü gözlənilir. Son illərdə NBA-nin ən dəyərli oyunçusu (MVP) mükafatını ardıcıl olaraq avropalı basketbolçular qazanıb. ABŞ təmsilçisi isə sonuncu dəfə 2017-2018 mövsümündə bu titula sahib çıxıb.

Offsideplus.az xəbər verir ki, NBA-nin ən yaxşı 10 avropalı oyunçusu sırasında ilk pillədə "Denver Nageçs"in ulduzu Nikola Yokiç qərarlaşıb. Serbiyalı mərkəz ötən mövsümdə 27,5 xal, 12,9 ribaund və 10,6 assist ortalaması ilə çıxış edib. O, üçqat NBA MVP-si kimi tarixə düşüb və artıq bütün zamanların ən çox tripl-dabl edən oyunçuları sırasında liderliyə yaxınlaşır.

İkinci yerdə "San Antonio Spurs"un fransalı gənc ulduzu Viktor Vembanyama yer alıb. O, ötən mövsümdə 24,7 xal, 11,4 ribaund, 3,2 blokşut və 3 assistlə fərqlənib. Vembanyama artıq 22 yaşında NBA-nin ən yaxşı müdafiəçisi kimi tanınır və yaxın illərdə bu titulu dəfələrlə qazanacağı gözlənilir.

Üçüncü sırada "Mayami Hit"in yeni transferi Yannis Antetokounmpo qərarlaşıb. Yunan ulduz ötən mövsümdə 27,6 xal, 9,8 ribaund və 5,4 assistlə yadda qalıb. Zədələr və "Miluoki Baks" rəhbərliyi ilə yaşanan problemlərdən sonra Yannis karyerasını "Mayami Hit"də davam etdirəcək və Bam Adebayo ilə güclü tandem formalaşdıracaq.

Dördüncü pillədə isə "Los Anceles Leykers"in lideri Luka Donçiç yer alıb. Sloveniya millisinin oyunçusu ötən mövsümdə 33,5 xal, 8,3 assist və 7,8 ribaundla liqanın ən məhsuldar oyunçusu olub. "Leykers"də LeBron Ceymsin gedişindən sonra Donçiç komandanın əsas ulduzuna çevrilib və yeni mövsümdə onun liderliyi altında uğur gözlənilir.