Türkiyənin "Qalatasaray" klubu Fransada baş verən iğtişaşlar fonunda "Lill" ilə qarşılaşmada təhlükəsizlik tədbirlərinin artırılması üçün UEFA-ya müraciət edib.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək oyun 21 oktyabr, çərşənbə günü baş tutacaq. Son günlər Paris və Fransanın digər böyük şəhərlərində həyat şəraitinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar iğtişaşlara çevrilib, mağazalar qarət olunub, avtomobillər və binalar yandırılıb, şəhərlərin tarixi mərkəzlərinə ciddi ziyan dəyib. Toqquşmalarda 600-dən çox polis, jandarm və yanğınsöndürən xəsarət alıb, 2000 nəfər saxlanılıb.

Fransanın daxili işlər naziri Loran Nunez bildirib ki, etirazlara baxmayaraq, "PSJ"-nin "Barselona" ilə və "Lill"in "Qalatasaray" ilə oyunlarının təxirə salınması nəzərdə tutulmur. "Qalatasaray" rəhbərliyi UEFA-ya müraciət edərək qarşılaşmadan əvvəl, oyun zamanı və sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyib. Klub həmçinin Fransa səfirliyi və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır. Oyun başqa stadionda keçirilməyəcək. Gücləndirilmiş təhlükəsizlik tədbirlərinin "PSJ"-"Barselona" matçında da tətbiq olunacağı gözlənilir.