“Barselona”nın 474 azarkeşi noyabrın 25-də Bakıda “Sabah”la keçiriləcək UEFA Çempionlar Liqasının oyununda komandanı dəstəkləyəcək.
Offsideplus.az xəbər verir ki, klubun məlumatına görə, Azərbaycana səfər edəcək azarkeşlərdən 268-i klubun rəsmi üzvü, 206-sı isə azarkeş dərnəklərinin təmsilçiləridir. Ümumilikdə dünyanın 41 azarkeş klubundan olan şəxslər Bakı Olimpiya Stadionunun tribunalarında Kataloniya təmsilçisinə dəstək verəcəklər.
Qeyd edək ki, bu, “Barselona”nın peşəkar komandasının rəsmi oyun çərçivəsində Azərbaycana ilk səfəri olacaq.
Bakıda səfər edəcək azarkeşləri “Peña Barcelonista Bakú” qarşılayacaq. 400-dən çox qeydiyyatdan keçmiş üzvü olan bu azarkeş klubu 2017-ci ildə rəsmi status alıb və Qafqaz regionunda yeganə “Barselona” azarkeş klubu hesab olunur.
Bundan başqa, Bağdad və Təl-Əviv azarkeş klublarından 18 nəfər, Paris və Poznan dərnəklərinin nümayəndələri də komandaya dəstək üçün Bakıya gələcəklər.


