"Fənərbağça"nın basketbol bölməsinin rəhbəri Ömər Onan İstanbul derbisində "Beşiktaş"a məğlubiyyətdən sonra hakim idarəçiliyini və təyinatlarda istifadə olunan süni intellekt sistemini kəskin tənqid edib.
Offsideplus.az xəbər verir ki, Onan açıqlamasında qonaqpərvərliyə görə "Beşiktaş" rəhbərliyinə təşəkkür etsə də, bu səviyyəli matçda hakimlərin səriştəsizlik nümayiş etdirdiyini bildirib. O, ədalət təmsilçilərinin zəif çıxışının Türkiyə basketbolunun nüfuzuna zərbə vurduğunu və qərarların oyunun nəticəsinə birbaşa təsir etməməli olduğunu vurğulayıb.
Onan ən sərt iradlarını Mərkəzi Hakimlər Komitəsinə (MHK) ünvanlayıb. O, cari mövsümdən etibarən hakim təyinatlarının süni intellekt vasitəsilə aparıldığını xatırladaraq deyib:
"Avroliqa təmsilçilərinin oyununa süni intellekt tərəfindən sanki komediya rəqs üçlüyü göndərilib. Yaxın günlərdə klub rəhbərliyi olaraq həm MHK, həm də Türkiyə Basketbol Federasiyası ilə təcili görüşlər keçirəcəyik".
Klub rəsmisi bir neçə mübahisəli epizoda da toxunub. Onun sözlərinə görə, Metecan Birsen və Ueyd Boldvinin mübarizəsində topun rəqibdən meydanı tərk etdiyi aydın görünsə də, hakimlər topu "Beşiktaş"a veriblər. Etirazlardan sonra isə həm Boldvin, həm də baş məşqçi Şarunas Yasikeviçius texniki cəza alaraq meydançadan qovulublar.
Onan bu qərarlarda qərəz olduğunu düşündüklərini qeyd edib: "Daha sonra "Beşiktaş" 2 xal öndə olarkən təmiz səbətimiz ləğv edildi. Baş məşqçimiz Yasikeviçius isə sadəcə "itələmə" (push) sözünü işlətdiyinə görə meydançadan uzaqlaşdırıldı".


