Almaniya Bundesliqa təmsilçisi "RB Leypsiq" Ole Vernerin istefasından sonra baş məşqçi postuna gətirdiyi yeni adı rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, komandanın sükanı arxasına tanınmış argentinalı mütəxəssis Martin Demikelis keçib.
İlkin iddiaların əksinə olaraq, 45 yaşlı argentinalı mütəxəssis Almaniya klubu ilə iki illik deyil, 2028-ci ilin 30 iyununa qədər qüvvədə olacaq 2 illik bir müqavilə imzalayıb. "Öküzlər" bu təyinatı reallaşdırmaq üçün Demikelisin son klubu olan İspaniya "Malorka"sına 2.5 milyon avro təzminat ödəyib.
Rəsmi imzadan sonra klubun internet saytına danışan Martin Demikelis böyük bir kluba gəldiyini vurğulayıb:
"Klub rəhbərliyi ilə apardığım danışıqlar və onların idman vizyonu məni tamamilə razı saldı. "RB Leypsiq" aydın kimliyi, inanılmaz istedadları və hər zaman ən yüksək səviyyədə inkişaf etmək istəyi olan iddialı bir klubdur. Bu, tam olaraq axtardığım çağırış idi. Komandanı Çempionlar Liqasına çıxarmaq üçün səbirsizlənirəm."
Red Bull qrupunun qlobal futbol rəhbəri Yurgen Klopp və "RB Leypsiq"in idman direktoru Marsel Şefer bu təyinatın klubun beynəlxalq hədəflərinə tam uyğun olduğunu bildiriblər. Demikelisin həm Cənubi Amerikada ("River Pleyt"), həm də Avropada qazandığı təcrübənin komandaya yeni bir dinamika qazandıracağı gözlənilir.


