İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night: Fiziev - Torres turnirinə hazırlıqlar davam edərkən, Azərbaycan idmanının iki tanınmış siması – UFC döyüşçüsü Nazim Sadıxov və dünya şöhrətli gimnast Tofiq Əliyev Azərbaycan Gimnastika Federasiyasının məşq binasında görüşüblər.

Offsideplus.az xəbər verir ki, Nazim Sadıxovun təlim-məşq məkanına gəlişi gənc gimnastlar üçün gözlənilməz və həyəcanlı an olub. Onlar UFC döyüşçüsünü yaxından görmək, onunla söhbət etmək, suallar vermək fürsəti qazanıblar. 

Tamblinq üzrə dünyada tanınan Tofiq Əliyev Nazim Sadıxovu bu idman növü ilə yaxından tanış edib, öz məşq proqramından nümunələr göstərib. Öz növbəsində Nazim Sadıxov da Bakıda keçiriləcək qarşıdakı döyüşə hazırlıq prosesindən bəhs edib. İdmançılar bir-birlərinə gələcək yarışlarda uğurlar arzulayıblar.

Qeyd edək ki, Tofiq Əliyev tamblinq üzrə ən mürəkkəb elementlərdən biri hesab olunan üçqat salto və üçqat burulmadan ibarət kombinasiyanı uğurla yerinə yetirən ilk gimnast kimi tarixə düşüb.

Görüş zamanı idmançılar bir-birlərinə hədiyyə də veriblər. Nazim Sadıxov Tofiq Əliyevə UFC əlcəkləri hədiyyə edib, Tofiq Əliyev isə ona öz gimnastika ayaqqabıları bağışlayıb .

İdmançılar sonda xatirə şəkli çəkdiriblər. Fərqli idman növlərini təmsil etmələrinə baxmayaraq, hər iki idmançını bir məqsəd birləşdirir – Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etmək və ölkə idmanının uğurlarına töhfə vermək.