Fransa Basketbol Federasiyasının son qərarı "Monako" klubunun 2026/27 mövsümündə fəaliyyətini tamamilə dayandırmasına səbəb olub. Klubun üçüncü liqa olan NM1-də iştirak üçün etdiyi son müraciət də rədd edilib.

Offsideplus.az xəbər verir ki, federasiyanın açıqlamasında qeyd olunub ki, sentyabrın 12-də keçirilən iclasda İdarəetmə Nəzarət Komissiyasının mənfi rəyinə əsaslanaraq "Monako"nun qeydiyyatı təsdiqlənməyib. Sənədlərdə klubun maliyyə vəziyyətinin şəffaflığı və etibarlılığı sübut olunmadığı üçün istisna hal kimi qeydiyyata icazə verilməyib. Bu qərardan sonra "Monako" ya bütün fəaliyyətini dayandıracaq, ya da yalnız həvəskar heyətlə beşinci liqa olan NM3-də çıxış edə bilər. Federasiya həmçinin NM1 çempionatının 18 sentyabr 2026-cı ildə planlaşdırıldığı kimi başlanacağını təsdiqləyib.