"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın bu mövsümdəki məqsədləri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis bildirib ki, heç nə dəyişməyib və hər kəs Çempionlar Liqasını qazanmaq istəyir. Flik qeyd edib ki, bu onların arzusu olsa da, ardıcıl üçüncü dəfə İspaniya çempionu olmaq da önəmlidir və bu, inanılmaz bir uğur olardı. O əlavə edib ki, qarşıda uzun yol var və əsas məsələ məşqlərin keyfiyyətidir. Flik vurğulayıb ki, oyunçuların bərpası, yuxu və qidalanmasına diqqət yetirmək lazımdır, çünki qarşılaşmalar hər üç gündən bir keçirilir. Onun sözlərinə görə, futbolçular özlərini yaxşı hiss etməlidirlər və klubda onların qayğısına qalan mütəxəssislər var. Flik bildirib ki, məqsəd oyunçuların ən yaxşı formaya çatmasına kömək etməkdir və oyunlar arasındakı günlər çox vacibdir. O, həmçinin infrastrukturun təkmilləşdirilməsinin vacibliyini qeyd edib və yaxın vaxtlarda yeni idman zalının istifadəyə veriləcəyini, bunun da komandaya kömək edəcəyini vurğulayıb. Flik sonda bildirib ki, "Barselona" addım-addım irəliləyəcək və daha da güclənəcək.


