Sloveniya millisinin üzvü Vlatko Çançar növbəti dəfə ciddi zədə alıb və menisk əməliyyatına ehtiyac duyur. 29 yaşlı forvard bu mövsüm "San Pablo Burqos"la müqavilə imzalasa da, zədə səbəbindən bir neçə ay meydançalardan uzaq qalacaq.
Offsideplus.az xəbər verir ki, Çançar son illərdə tez-tez zədələrlə üzləşir. O, 2023-cü ilin oktyabrında hələ "Denver Nageçs"də çıxış edərkən də zədə almışdı və bu müddət ərzində cəmi 21 oyunda iştirak edə bilib. Keçən il Avropaya qayıdan basketbolçu "Armani Milan"la anlaşsa da, mövsümün əvvəlində dizindən zədələnərək yalnız iki matçda oynaya bilmişdi. 2022-ci ildə ayaq və bilək sınığı, 2023-cü ildə isə ön çarpaz bağların qopması kimi ciddi zədələr də keçirmiş Çançar əsasən dizindəki problemlərlə mübarizə aparır. Onun tez-tez zədələnməsi "Jalgiris"in oyunçusu Kinan Evansı xatırladır ki, o da son üç ildə üç ağır zədə alıb və hazırda "London Layons"da icarə əsasında çıxış edir.


