İyunun 24-də Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol idman növü üzrə final və üçüncü yer uğrunda oyunlar keçirilib.

Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışları Azərbaycan Basketbol Federasiyasının prezidenti, elm və təhsil naziri Emin Əmrullayev də izləyib. 

Oğlanlar arasında keçirilən final qarşılaşmasında RİOEUGİM-2 komandası Gəncə UGİŞM komandasını 36:11 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Qızların final oyununda isə İOEUGİM-8 komandası Gəncə UGİŞM-1 komandasına 42:14 hesabı ilə qalib gələrək birinci yerə layiq görülüb.

Oğlanların üçüncü yer uğrunda oyununda İOEUGİM-8 komandası UGİM-10 komandasını 49:13 hesabı ilə məğlub edib. Qızlar arasında keçirilən üçüncü yer uğrunda qarşılaşmada isə Cəlilabad UGİM komandası Tovuz UGİŞM komandasına 23:9 hesabı ilə qalib gəlib.

Yarışların sonunda qalib və mükafatçılara medal, diplom və kuboklar təqdim olunub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası ölkəmizdə ilk dəfə təşkil olunur. Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gənc idmançıların inkişafına dəstək göstərilməsidir. Yarışlar iyunun 26-dək davam edəcək.