AFFA İcraiyyə Komitəsinin 3 fevral 2025-ci il tarixli qərarına əsasən, yerli futbolçuların inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Misli Premyer Liqası klublarına ödənişlər edilib.
Offsideplus.az xəbər verir ki, legioner rüsumları hesabına formalaşan və yerli oyunçuların meydanda olduğu dəqiqələrə görə bölgüsü aparılan bonus fondundan 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib.
Bölgüdə ən yüksək nəticə göstərən “Qəbələ” 379 min 987 manat (əlavə 50 min manat xüsusi mükafatla), ikinci pillədəki “Sumqayıt” 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” isə 267 min 314 manat əldə edib.
Bununla yanaşı, AFFA toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin İntizam Komitəsinin maliyyə sanksiyaları və legioner rüsumları ilə bağlı müqaviləyə uyğun olaraq Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına səlahiyyət verib. Layihənin müsbət təsirləri nəzərə alınaraq, növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır.


