"Trabzonspor" klubunun prezidenti Ertuğrul Doğan komandanın kapitanı Uğurcan Çakırın transfer istəyi və klubun gələcək siyasəti ilə bağlı kəskin bəyanatlar verib.
Offsideplus.az xəbər verir ki, Doğan futbolçunun İstanbul klublarından birinə getmək istəməsini "həyatının şoku" kimi qiymətləndirib.
Prezidentin çıxışından əsas məqamlar:
"Uğurcan bizim kapitanımızdır və komanda ona əmanətdir. Onun mənə gəlib 'hansı komanda olmasından asılı olmayaraq, İstanbul klublarına getmək üçün icazə istəyirəm' deməsi mənim üçün həyatımın ən böyük şoklarından biri oldu. Belə bir şey deyəcəyi ağlımın ucundan belə keçməzdi.
Onu çox istəyirəm, amma "Trabzonspor"u hər kəsdən çox istəyirəm. Mən bu klubun maraqlarını qorumalıyam. Heç kim "Trabzonspor"a naz edə bilməz, heç kim 'incidim' deyə bilməz. Getmək istəyən üçün qapı oradadır.
Mənə Dozer Cemil kimi, 'başqa komandanın kapitanının arxasında meydana çıxmaram' - deyən adamlar lazımdır. Bizə transfer olunanda 'mən "Trabzonspor"luyam' deyən Fatih Tekkelər, oynamayacağı üçün göz yaşlarına boğulan Oulailər lazımdır."
Ertuğrul Doğan maddi və media gücü baxımından rəqiblərdən geri başlasalar da, xarakterli futbolçularla bu boşluğu dolduracaqlarını bildirib. Prezident çıxışını Uğurcan Çakıra milli komanda karyerasında uğurlar arzulayaraq bitirib və bir növ vidalaşma mesajı verib.


