“Karvan yolda düzələr”.
Ümid dolu ifadədir. Yeniliyin gətirdiyi çətinlikləri və bu yoldakı mübarizəni tam anlamıyla xarakterizə edir. Nəzəri cəhətdən dərin məna kəsb edən bu fikir praktikada bəzən özünü doğrultmaya bilir. Elə “Karvan-Yevlax” nümunəsində olduğu kimi.
On üç turdur bu komanda düzəlmir ki, düzəlmir…
Əslində, Yevlax təmsilçisi mövsümə pis başlamamışdı. Məsələn, komandanın heyətində Araz Abdullayev, Elvin Yunuszadə kimi təcrübəli futbolçuların olması klubun iddiasından xəbər verirdi. Yaxud da Coy Slayd Mikelsin transferi kifayət qədər maraqla qarşılanmışdı.
Komandanın startını da uğurlu hesab etmək olar. Hətta iyul ayında “İmişli”yə qarşı keçirdiyi yoxlama oyununda Yevlax təmsilçisi 2:1 hesabı ilə qələbə qazanmışdı. Bu qalibiyyət elitanın yeni üzvlərindən hansının sürpriz komanda olacağına dair ilkin təsəvvür formalaşdıra bilmişdi. Di gəl, çempionatın gedişatında tamam başqa mənzərənin şahidi olduq. Bunun bariz nümunəsi odur ki, marafona eyni məqamdan start verən iki komandanın biri hazırda 8-ci, digəri isə sonuncu – yəni 12-ci yerdə qərarlaşıb.
Məsələ yalnız autsayder olmaqda da deyil, ortada daha ciddi problemlər var. Sözügedən problemləri bütün çılpaqlığı ilə son oyunlarda gördük, xüsusilə də doğma azarkeşlər önündə oynanılan “Kəpəz”lə matçda.
Uzun illərdən sonra Yevlax stadionunda gördüyümüz mənzərə sözlə ifadə olunmayacaq qədər gözəl idi. Stadionda böyük coşqu ilə komandasını dəstəkləyən yerli azarkeşlər bizə bir daha sübut etdi ki, bölgələrdə futbolun inkişafı labüddür.
Təəssüf ki, tribunada gördüyümüz gözəlliyi meydançada görə bilmədik. Yevlax təmsilçisi, yevlaxlıların önündə ev sahibi olduğu ilk Premyer Liqa oyununda uduzdu. Bu futboldur — udmaq da var, uduzmaq da. Ancaq baxır necə və hansı oyunla. Həmin matçda bir-birindən neqativ hadisələrə şahidlik etdik. Məni ən çox təəccübləndirən, daha doğrusu, təəssüfləndirən isə Vüsal Məsimovun baş məşqçinin göstərişinə tabe olmayıb əvəzetmədən imtina etməsi oldu. Gülməlidir. Adam söz də tapmır. Bu, Premyer Liqa klubunun futbolçusuna yaraşmayan bir hərəkət, qeyri-peşəkarlıq göstəricisidir.
Maraqlısı odur ki, “Kəpəz”lə oyundan sonra biz təkcə futbolçu yox, həm də klub səviyyəsində peşəkarlıqdan uzaq davranışların şahidi olduq. Təsəvvür edin, klub baş məşqçi ilə müqaviləyə xitam vermədən başqa bir mütəxəssisi komandanın sükanı arxasına keçirir. Bu nə hüquqi, nə də etik baxımdan doğrudur. Yəqin ki, Azər Həşimovla “Karvan-Yevlax”ın davası hələ çox su aparacaq.
İnsaf üçün onu da deyək ki, Füzuli Məmmədov gəlişi ilə komandada müsbətə doğru dəyişikliklər etməyi bacarıb. Elə bir-iki gün içərisində hazırlayıb meydana çıxardığı “Qarabağ”la oyunda bunu aydın şəkildə görmək olurdu. Komanda məğlub olmasına baxmayaraq əlindən gələni etdi, xüsusilə də birinci hissədə müdafiədə çox yaxşı görünürdü. Ancaq sonda, təbii ki, səviyyə fərqi öz sözünü dedi. İstənilən halda, rəqibin “Qarabağ” olduğunu nəzərə alsaq, sərgilədikləri oyuna görə “Karvan-Yevlax”a bir alqış düşür. Matçdan sonra futbolçularla müsahibələrimdə onlar yeni baş məşqçinin gəlişindən razı olduqlarını vurğulayaraq bundan sonra yaxşı nəticələrə imza atacaqlarına olan inamlarını dilə gətirdilər.
Düzü, mən buna çox da inanmıram. Çünki klubun tək problemi məşqçi deyil. Görünən odur ki, idarəetmədə ciddi qüsurlar var. Həmin nöqsanlar həllini tapmayınca yaxşı nəticələrə ümid etmək xəyalpərəstlik olar.
“Karvan-Yevlax”ın bugünkü durumu Azərbaycan futbolunun problemlərinin ümumiləşmiş obrazıdır. Məlum məsələdir ki, futbol hər şeydən öncə sistem məsələsidir, daha sonra isə maliyyə. Əgər biz konkret olaraq “Karvan-Yevlax”dan danışırıqsa, mövcud çatışmazlıqların bir qismini maddi çətinliklərin ayağına yaza bilərdik. Di gəl, klub bir ay öncə verdiyi açıqlamada qeyd edir ki, hər hansı maliyyə problemindən söhbət belə gedə bilməz. Təki elə olsun.
Deməli, yerdə qalır bir problem — idarəçilik. Klubun söz sahibləri sanki Premyer Liqada oynadıqlarını unudublar. Zaman isə çox sürətlə keçir. Artıq birinci dövrə geridə qalıb. Deməli, gedişatı dəyişmək bundan sonra daha çətin olacaq.
Hazırkı durumda “Karvan-Yevlax” nümunəsindən çıxış edərək elitada klubların sayının artırılmasının yanlış addım olduğunu deyənlər də var. Mən bu fikirlə razı deyiləm. Əgər ölkə futbolunun inkişafından danışırıqsa, bölgə futbolunu da göz önündə saxlamalıyıq. Bəlkə bir komanda etimadı doğruldacaq, digəri yox. İstənilən halda, bu şansı onlara vermək lazımdır — futbolumuzun sabahına xatir…



