Ötən mövsüm avrokuboklarda mübarizə aparan “Araz-Naxçıvan” hazırda elitada qalmaq üçün heç nə etmir. Bəli, etmir. Edə də bilmir. Əslində nə edə bilər ki?
Ev oyunlarını Naxçıvandan kənarda keçirən, xaos içində boğulan bir klub nə edə bilər? Ötən mövsüm qeyri-rəsmi olaraq klubda çalışan Ceyhun Sultanov, qeyri-rəsmi sahib Zaur Axundov tərəfindən prezident təyin edilib. Sultanovun nə dərəcədə söz sahibi olduğunu demək isə çətindir.
Digər tərəfdən komandanın heyəti... Əvvəlki illərdə çempionatımızda özünü yaxşı göstərmiş, hazırda isə tükənmiş legionerləri, karyerasının qürub çağını yaşayan yerli futbolçuları transfer ediblər. Ortada isə heç nə yoxdur. Məktəb dili ilə desək, “Araz-Naxçıvan”a 8 turdan sonra yağlı bir “iki”!
Anlamaq çətindir: Elmar Baxşıyev də yaramadı, Demçenko da, Hüseynov da. İndiki hədəf Maksimovdur? Klub rəhbərliyi, görəsən, nə vaxtsa problemi məşqçilərdə və ya futbolçularda yox, özündə görəcək.
İşlər getdikcə qəlizləşir. “Şəfa”, “Araz-Naxçıvan”, “İmişli” kimi klublar çempionatın səviyyəsini aşağı salır. Artıq bu sıraya “Qəbələ”ni də aid etmək olar. Bu dörd komandanın bəxti gətirib ki, özləri kimi zəif rəqiblərin sayı çoxdur və elitanı tərk etmək şansları 50 faizdən aşağıdır.
Nələrsə mütləq dəyişməlidir. Bu idarəçiliklə tunelin sonunda işıq görünmür. Ən uyğun variant isə baş götürüb getməkdir – heç olmasa, futboldan!


