Azərbaycan milli komandasının təlim-məşq toplanışı üçün açıqlanan heyətində Elvin Cəfərquliyevin də adı var. Təxminən iki aydır "Qarabağ"ın əsas komandasından uzaqlaşdırılan futbolçunun yığmaya çağırılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Ancaq bir futbolçunu tamamilə silib atmaq asan, onu qoruyub qazanmaq isə çətindir. Milli komandanın baş məşqçisi Ayxan Abbasov Elvini qorumaq və motivasiya vermək adına böyük bir addım atdı.
Bəs tanınmış mütəxəssis Aslan Kərimov bu barədə necə düşünür? Onun Offsideplus.az-a özəl açıqlaması:
"Futbolçu nə vaxtsa məşqə və ya bazaya gecikə bilər. Açığı, hadisənin təfərrüatını və onun hansı formada intizamı pozduğunu dəqiq bilmirik. Bu səbəbdən əvəzedici komandaya göndərilmişdi. Lakin Elvinin milli komandaya çağırılması müzakirə mövzusu olmamalıdır. Əgər bir oyunçu yığmaya fayda verəcəksə, niyə də dəvət almasın? Təbii ki, milli düşərgədə də intizamsızlıq və ya hörmətsizlik etsə, bu, ayrı məsələdir. Məncə, onun çağırılması doğru qərardır. Hətta düşünürəm ki, Elvini bağışlamağa dəyər. Hamı cavan olub, vaxtilə istənilən futbolçu intizam qaydalarını pozub. Cəfərquliyevin milli komandada olması təəccüb doğurmamalıdır”.


