Misli Premyer Liqasında mövsümün başa çatmasının ardından klublarda ardıcıl baş məşqçi ayrılıqları yaşanır. Çempionatın yekunlaşmasından cəmi bir həftə keçməsinə baxmayaraq, artıq nə az nə çox, 5 mütəxəssislə yollar rəsmi olaraq ayrılıb. 5 komandada məşqçi dəyişikliyinin dəqiqləşməsi idman ictimiyaətində bəzi suallar doğurur. Bəs bu kütləvi gedişlərin pərdəarxasında nə dayanır?

Offsideplus.az rəsmi ayrılıqları və onların səbəblərini təqdim edir:

Ayxan Abbasov – Seçimini millidən yana etdi

Ayxan Abbasovun klubundan ayrılacağı aylar öncədən bəlli idi və bu gedişat qətiyyən uğursuzluqla əlaqəli deyil. Təcrübəli mütəxəssis həm də Azərbaycan milli komandasını çalışdırdığı üçün artıq iki cəbhədə vuruşmaq çətinləşmişdi. Gözlənildiyi kimi, Abbasov seçimini etdi və fəaliyyətini yalnız əsas milli komandada davam etdirmək qərarına gəldi.

Saşa İliç – "Sumqayıt"ı "qara zolaq"dan çıxara bilmədi

Mövsümə fırtına kimi başlayan, hətta ilk turda "Qarabağ" üzərində qələbə qazanan "Sumqayıt" yekunda 41 xalla 7-ci pillədə qərarlaşdı. Azarkeşlərin ən azı "dördlük" gözlədiyi komanda çempionatın gedişatında dərin böhrana düşdü. Hər bir kollektivdə qeyri-sabit dövr ola bilər, lakin bu məqamda baş məşqçi futbolçuları psixoloji olaraq ayağa qaldırmağı bacarmalıdır. Saşa İliç bu missiyanın öhdəsindən gələ bilmədi və serbiyalı mütəxəssislə yollar ayrıldı.

Andrey Demçenko – "Qaş düzəltdiyi yerdə göz çıxardı"

Mövsümün gedişatında Elmar Baxşıyevin yerinə "Araz-Naxçıvan"ın sükanı arxasına keçən Andrey Demçenko da gedənlər siyahısındadır. Xilaskar kimi gətirilən ukraynalı mütəxəssis, demək olar ki, "qaş düzəltdiyi yerdə göz çıxardı". Onun rəhbərliyi altında komanda sabit oyun nümayiş etdirə bilmədi və rəhbərlik ukraynalı mütəxəssislə vidalaşdı.

Azər Bağırov – Tələblər üst-üstə düşmədi

Azər Bağırovun gedişi də gözlənilən idi. Rəhbərliyin gələcək planları və istəkləri ilə Bağırovun tələbləri üst-üstə düşmədiyi üçün tərəflər ortaq məxrəcə gələ bilmədilər. Böyük ehtimalla, Gəncə təmsilçisi "Kəpəz"in sükanı arxasına əcnəbi çalışdırıcı gətiriləcək.

Elgiz Kərəmli – "Şəfa"da gözlənilmez ayrılıq

Elitaya yeni vəsiqə qazanan "Şəfa" da baş məşqçisi Elgiz Kərəmli ilə yolları ayırdı. Ötən mövsüm 2-ci liqada ikinci olub birbaşa 1-ci liqaya yüksələn, orada isə çempion kimi Premyer Liqanın qapısını açan mütəxəssisin gedişini haqsızlıq sayanlar da var. Lakin bənzər hadisə ötən mövsüm "İmişli" klubunda da yaşanmışdı. Fərid Namazovun gedişindən sonra gətirilən əcnəbi mütəxəssisin seleksiya və taktiki gedişləri hər kəsi heyran qoymuşdu. Ümid edək ki, "Şəfa" rəhbərliyi də bu qərarda yanılmayıb.

Qeyd edək ki, hazırda "Qəbələ" və "İmişli" klublarında da baş məşqçi dəyişikliyi yaşanmaq ehtimal yüksəkdir.