"Ümumilikdə komandanın çıxışını çox müsbət qarşılayıram”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə koordinator vəzifəsində çalışan Rafiq Hüseynov deyib.
O, Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında çıxışını dəyərləndirib: “Şadam ki, komanda yenidən öz titulunu qoruyaraq, Avropa çempionu oldu. Düzdür, məyus olduğum anlar oldu. Sənan Süleymanovdan, dünya çempionu Nihat Məmmədlidən qızıl medal gözləyirdim. Amma təəssüflər olsun ki, alınmadı. Bu güləşdir. Yəni bir dəfə çempion ola bilərsən, bir dəfə məğlub ayrıla bilərsən - bu, çox təbiidir. Sadəcə, ruhdan düşmək lazım deyil. İdmançılarımız bilməlidilər ki, biz daim onların yanındayıq. Həm qalib gələndə, həm məğlub olanda. Həmişə onlara dayaq olacağıq”.
Veteran güləşçi Həsrət Cəfərovun 4-cü dəfə Avropa çempionu olaraq onun rekordunu yeniləməsinə münasibət bildirib: “Həsrət Cəfərov barəsində onu deyə bilərəm ki, o, gənclərə yeni keçid ədəndə böyüklərin təlim-məşq toplanışlarına qatılmışdı. Bizim 2020-ci ildəki toplanışımızda Həsrət var idi. Onun iş prinsipinə baxanda görürdüm ki, çox zəhmətkeş, öz işinə hörmətlə yanaşan idmançıdır. Həsrətin dörd dəfə Avropa çempionu olacağını heç kim proqnoz vermirdi. Nə qədər güclü idmançı olsan da, belə hallarda idman şansı da böyük rol oynayır. Amma Həsrət bunu sübut edib, göstərdi ki, "mən həqiqətən güclüyəm".
Qeyd edək ki, milli komandamız yarışın yekununda 133 xal toplayaraq Avropa çempionu adını qazanıb.


